Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Turan Tovuz” ilk oyuna iki itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi meydan sahibi olduğu görüşdə 2 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Qapıçı Tərlan Əhmədli və yarımmüdafiəçi Ehtiram Şahverdiyev cəzalı olduqları üçün komandalarına kömək edə bilməyəcəklər. Ehtiram sarı vərəqə cəzalısıdırsa, Tərlan "Kəpəz"lə Tovuzdakı cavab oyununda qırmızı vərəqə alıb. İkinci xəbərdarlıqdan sonra "qırmızı" görən qolkiper İntizam Komitəsi tərəfindən bir oyunluq uzaqlaşdırılıb. Bu o deməkdir ki, Əhmədli bir həftə sonra keçiriləcək cavab qarşılaşmasında "çərçivə"də dayana biləcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" matçı aprelin 19-da keçiriləcək və saat 16:00-da start götürəcək.
Mirağa