Azərbaycan Premyer Liqasının son turu "Turan Tovuz"un elitada yerini qoruması ilə əlamətdar oldu.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv "Neftçi" üzərində sürpriz hesablı qələbə (4:0) sayəsində Premyer Liqadan "dördəlli yapışdı".
Beləliklə, qalan üç turda yüksək liqada qalmaq uğrunda mübarizə 4 komanda - "Kəpəz", "Sumqayıt", "Səbail" və "Şamaxı" arasında gedəcək. Əslində, digər qərb təmsilçisi "Kəpəz"in də böyük ölçüdə bu vəzifənin öhdəsindən gəldiyini demək olar. Tərlan Əhmədovun baş məşqçi olduğu Gəncə komandasının elitadan düşməsi üçün son 3 turdakı bütün görüşlərdə məğlub olması, "Şamaxı"nın isə azı 7 xal qazanması şərtdir. Cavid Hüseynovun baş məşqçisi olduğu komanda növbəti turda "Neftçi"yə uduzsa, "Kəpəz" Premyer Liqada yerini təmin edəcək. "Neftçi" - "Şamaxı" matçında qeydə alınacaq heç-heçə halında isə "Kəpəz"ə 1 xal lazım olacaq. Düzdür, belədə hər iki komandanın mövsümü eyni xalla başa vurmaq ehtimalı yaranacaq. Ancaq "Kəpəz"lə "Şamaxı"nın şəxsi görüşlərinə əsasən, qərb təmsilçisi aşkar üstünlüyə malikdir. Keçirilən 4 görüşdən 2-də qələbə qazanan Tərlan Əhmədovun komandası digər qarşılaşmalarda heç-heçə ilə kifayətlənib.
Bu mövsüm baş tutan "Kəpəz" - "Şamaxı" görüşlərində qeydə alınan nəticələr: 2:1, 1:1, 3:2, 1:1.
Beləliklə, "Şamaxı" son üç oyundan birini uduzsa, "Kəpəz" avtomatik elitada qalacaq. Qərb təmsilçisi bir qələbə qazansa, heç kimdən asılı olmadan, növbəti mövsümdə də Premyer Liqada çıxış etmək hüququ qazanacaq. "Şamaxı" çempionatın sonluğunu 2 qələbə, 1 heç-heçə ilə başa vuracağı halda, gəncəlilərə də azı 1 xal əldə etmək lazım gələcək.
Mirağa