Bir müddət öncə saytımıza müsahibə verən "Atalanta"nın 15 yaşlı hücumçusu Lorenzo Metsotero Azərbaycan yığmasında oynamaq istəyini gizlətməmiş, özünü 5 ildən çox yaşadığı ölkəmizin bir parçası saydığını demişdi. Əlbəttə, əvvəl "Qarabağ"ın daha sonra "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında top qovmuş italiyalı uşağın ortaya qoyduğu performansı Azərbaycan futbolu ilə yaxından maraqlananlar xatırlamamış olmazlar.
"Ağ-qaralar"ın sıralarında olduğu 3 il müddətində həmyaşıdlarından çox fərqlənən, 2008-ci il doğumlu olduğu halda, 2007, 2006-cı il təvəllüdlü uşaqlardan ibarət komandalarda xaruqələr yaradan Lori 2020-ci ildən İtaliyadadır. O, hazırda Berqamo təmsilçisində adından söz etdirir, vurduğu qollar isə İtaliya Futbol Federasiyasının saytını bəzəyir.
Bəs görəsən Azərbaycan seçməsinin formasını geyinməyi arzulayan, çox böyük perspektiv vəd edən istedadla bağlı U-17-nin baş məşqçisi Füzuli Məmmədov nə düşünür? Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Lorenzonu "Neftçi"də oynayandan tanıyıram. Çox istedadlı uşaqdır. 5 ildən çox Azərbaycanda yaşadığını da nəzərə alsaq, milliyətcə italyan olsa da, ölkəmizi sevdiyini bilirəm. İş burasındadır ki, vətəndaşlığı yoxdur. Yəni Azərbaycan millisində oynamağa imkan verən sənədi olsa, onunla daha yaxından maraqlanmaq olar. Əlbəttə, hazırda hansı formada olduğunu, necə oynadığını izləməmişdən öncə sənədləri qaydasında olmalıdır".
Nihat