Son mövsümü titulsuz başa vuran "Neftçi" komandanın rumın çalışdırıcısı Laurentsiu Regekampfla bağlı qərarını qətiləşdirməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, səbəb Bakı təmsilçisində qeyri-müəyyənliyin davam etməsidir.
Belə ki, komandanın növbəti mövsümdə hansı büdcə ilə mübarizə aparacağı dəqiqləşməyib. Bu üzdən rəhbərlik nə əcnəbi çalışdırıcıya müqaviləsində nəzərdə tutulduğu kimi müəyyən təzminat ödəyərək onu yola sala bilir, nə də "qal" deyir. Büdcənin nə vaxt təsdiqlənəcəyinə gəlincə, bu, ən geci yaxın bir həftə ərzində bilinəcək. "Yuxarılar" klub funksionerlərinin planlarını həyata keçirməsinə büdcəni artıraraq şərait yaratsa, komanda Konfrans Liqasına daha inamla hazırlaşacaq və danışıq apardığı ödənişli futbolçularla münasibətləri rəsmiləşdirəcək. Əks halda, "Neftçi" Regekampfla yoluna davam edəcək və klub prezidenti Kamran Quliyevin bir müddət öncə - "Errea" ilə sponsorluq müqaviləsi imzalandığı tədbirdən sonra verdiyi böyük transfer vədlərini həyata keçirmək mümkün olmayacaq.
Nihat