“Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos Azərbaycan kubokunun finalında “Neftçi” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında həm də mövsümün yekunlarını dəyərləndirib:
“Kuboku qazandığımız üçün çox şadam. Mövsüm ərzində çox çalışdıq və hər şeyimizi verdik. Bunun üçün nə qədər səy göstərildiyini yalnız biz bilirik. Xoşbəxtlikdən, qarşıya qoyduğumuz məqsədlərə nail olduq və indi fədakarlığımızın bəhrəsini görürük.
Komandaya müsbət töhfə verəndə özümü çox yaxşı hiss edirəm. Güclü, balanslı heyətimiz var, amma buna baxmayaraq, bilirik ki, böyük sərmayələri olan klublar var idi. Kuboku qazandıq, Konfrans Liqasına vəsiqə qazandıq, çempionatı 4-cü yerdə başa vurduq. Komanda üçün parlaq mövsüm oldu. Biz bu uğura layiqik”.