Mövsümü Azərbaycan Kubokunu qazanaraq başa vuran "Qəbələ" Konfrans Liqasına rəqabətədavamlı heyətlə qatılmaq üçün ilk növbədə heyətini qorumağa çalışır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "qırmızı-qaralar" komandanın uğurlu çıxışında əsas pay sahibi olan futbolçulardan sayılan İsnik Alimi ilə hələ də razılığa gələ bilməyib.
Hazırda istirahətdə olan Aliminin bir neçə real təklifi var ki, onlardan biri də növbəti mövsümə "Zirə"də başlamaq variantıdır. Məhz "qartallar"dan aldığı daha sərfəli təklif onun "qırmızı-qaralar"la müqavilə yeniləməməsinin əsas səbəbidir. Belə ki, şimali makedoniyalı alban son klubunun və "Zirə"nin təklifləri arasındakı böyük maddi fərq üzündən qərarını qətiləşdirə bilmir. Düzdür, o, son danışıqlar zamanı "Qəbələ"də daha az pula oynamağa hazır olduğunu deyib. Ancaq əcnəbi yarımmüdafiəçinin müəyyən güzəşt fonunda istədiyi maaş belə, bölgə klubunun büdcəsinə görə deyil.
Qeyd edək ki, 29 yaşlı Alimi son mövsümdə "Qəbələ" forması ilə 34 çempionat matçına çıxaraq 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkə kubokunda 5 görüş keçirərək 3 qol və 1 assitenliklə diqqət mətkəzinə düşən İsnik finalda "Neftçi"nin qapısına penaltidən yol taparaq komandasına qələbə qazandırıb.
Nihat