"Yurqorden"in məşqçisi Hüqo Berqqren yeni transferləri Musa Qurbanlının keçidini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 30 yaşlı mütəxəssis "SvenskaFans"a geniş müsahibəsində Azərbaycan millisinin gənc üzvünün hücumçu keyfiyyətləri haqda ətraflı danışıb:
"Mən Musanı onun Konfrans Liqasında "Gent"lə oyunlarını görəndən sonra əlaqələrim sayəsində tapdım. İdman direktorumuz, klub rəhbərliyimizdəki əlaqədar şəxslərlə məsləhətləşdik. Sonra onun agenti ilə əlaqə saxladım. Belə bir çalışqan futbolçunu heyətinə cəlb edə bilmək çox gözəl hissdir. O, böyük komandaları sıradan çıxarmış komandadan gəlir: "Gent", "Lex", "Ferentsvaroş, "Nant", "Olimpiakos" və sair bu kimi rəqiblərə qalib gəlmiş "Qarabağ"ın üzvüdür. Bu, çox yaxşı komandadır və zaman keçdikcə Musa orada daha çox oyun təcrübəsi qazanıb. Son mövsümdə komandanın və çempionatın 2-ci bombardiri olub.
Musada bizi ən çox cəlb edən onun cərimə meydançasındakı hərəkətli olmasıdır. O, davamlı olaraq qapıçının topu itirəcəyini, müdafiəçinin büdrəyəcəyini və ya hava mübarizəsində uduzacağını gözləyir. O, daim “asan yem” axtarır. Qol şansı qazanmaq üçün boş dayanmır. Diz, baş, sağ və ya sol ayaq fərqi yoxdur - qol vurmaq üçün hər şey edir.
Futbolçu köçməzdən əvvəl son işlərini yoluna qoymaq üçün hazırda Azərbaycanda evindədir. Onun bura qayıdıb məşqə nə vaxt qoşulacağı hələ tam aydın deyil. Bununla belə, tezliklə qayıdacağına və "Yurqorden"in "Malmö" ilə matçında uğurlu nəticəyə töhfə verəcəyinə ümid edirəm. Çox çalışırıq ki, "Malmö" ilə oyuna bir neçə gün qalmış gəlsin. Sonra necə olacağını görəcəyik".
Qeyd edək ki, "Yurqorden" "Malmö" ilə İsveç çempionatının 15-ci turu çərçivəsində iyulun 17-də qarşılaşacaq. Göründüyü kimi, məşqçilər korpusu ev oyununda Musanın xidmətindən yararlanmağı düşünür.
Mirağa