Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Bröyne AÇ-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı oynaya bilməyəcək.
Fanat.Az "hln.be" saytına istinadən xəbər verir ki, "Mançester Siti"nin 32 yaşlı oyun qurucusu İPL-in 1-ci turunda - səfərdə "Börnli"ni 3:0 hesabı ilə yendikləri görüşdə dizindən zədə alıb və 23-cü dəqiqədə yerini Mateo Kovaçiçə buraxmaq məcburiyyətində qalıb
İlkin ehtimallara əsasən, Kevin azı 2 ay zədəsinin bərpası ilə məşğul olacaq.
Daha öncə Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua "Real Madrid"in məşqində sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Azərbaycan - Belçika oyunu sentyabrın 9-da keçiriləcək.