"Omoniya"ya hər iki matçda uduzaraq (2:3, 1:4) Konfrans Liqasını erkən tərk edən "Qəbələ" Misli Premyer Liqasının ilk turunda "Sabaha" 0:5, ikinci turunda isə debütant "Araz Naxçıvan"a 0:2 hesabı ilə yenildi.
Çempionatda qol hesabını aça bilməyən "qırmızı-qaralar" növbəti matçını evdə "Sumqayıt" qarşı keçirəcək. Bölgə təmsilçisinin kapitanı Ürfan Abbasovla əlaqə saxlayıb komandasının uğursuzluğunun səbəbini nədə gördüyünü və "kimyaçılar"la görüş barədə nə düşündüyünü soruşduq.
30 yaşlı müdafiəçinin Fanat.Az-a açıqlaması belə oldu:
"Konfrans liqasında rəqibimizin güclü olduğunu bilirdik. Qəbələdə yaxşı oyun sərgilədik. Təəssüflər olsun ki, Kiprdə oyun istədiyimiz kimi alınmadı və nəticədə məğlub olduq. Komanda həm yeni toplanıb, həm də rəqibin güclü olması cütün taleyini müəyyənləşdirdi.
Ardından çempionatda iki oyun keçirdik. Konfrans liqasından sonra "Sabah"la səfər qarşılaşmasının çətin keçəcəyini bilirdik. Rəqibin heyət baxmından bizdən üstün olması hesabda da özünü göstərdi. İkinci turda "Araz Naxçıvan"la oyunda ardıcıl səhvlər etməyimiz yekunda məğlubiyyətlə nəticələndi.
Komandamız yeni formalaşır. Hər şeyin tədricən öz yoluna düşəcəyinə inanıram. Biz bu oyunları unudub qarşıdakı matçlara köklənməliyik. Komandamızda ruh düşkünlüyü var. Bütün bu neqativ vəziyyətdən çıxmalı və əvvəlki formamıza qayıtmalıyık. Növbəti turda "Sumqayıt"la qarşılaşacağıq. Hədəfimiz bu oyunda azarkeşlərimizi sevindirəcək nəticə qazanmaq və komandaya özünəinam hissini qaytarmaqdır".
Nahid Məmmədov