"Füzuli" komandası 2023/2024 mövsümündə İkinci Liqada mübarizə aparacaq. Qarabağ təmsilçisinin prezidenti Rauf Quliyevlə ələqə saxlayıb onların hədəfləri və planları ilə maraqlandıq.
Klub prezidentinin Fanat.Az-a müsahibəsini təqdim edirik:
-Bu mövsüm üçün hansı iddialarınız var?
-Hazırda rəqiblərə güc gələ biləcək bir komanda yaratmaq qarşıda duran vəzifələrimizdən biridir. Füzulinın adına layiq o komanda yaratmaq istəyirik. Hər bir komandanın olduğu kimi, bizim böyük iddialarımız var.
- Ev oyunlarınızı harada oynayacağınız dəqiqləşibmi? Ötən mövsümdə rəqiblərinizi bəzən Ağcabədidə olan stadionda, bəzən "ASK Arena"da qəbul edirdiniz. Bəs bu mövsüm üçün planınız nədir?
- Ev oyunlarını "ASK Arena"da keçirmək planımız var. Füzuli stadionu hələ ki, AFFA standartlarına cavab vermir. Gələcək günlərdə bu stadionda təmir işləri başlayacaq. Eyni zamanda, dövlətimizin böyük qayıdış planı çərçivəsində Füzuli şəhərinin özündə stadion tikintisi planlanır. Məndə olan məlumata görə, bu stadionun tikintisi 2025-ci ildə yekunlaşacaq.
- Klubun iddialarını geniş şəkildə ifadə edəcək transfer hərəkətliliyi nə yerdədir?
- Yaxın günlərdə transferlər olacaq. İdman ictimaiyyətinə təqdim edəcəyik. Klubun bir neçə oyunçu ilə yaxın təmasları var.
- Komandanızın bu il çempionluq yarışında favorit olduğunu deyə bilərik?
- Bəli. Açığı, bu bizim hədəfimizdir. Buna inanırıq.
- "Füzuli" klubunda tez-tez rəhbər dəyişiklikləri olur. Sabit idarəetmə olmayanda uğur əldə etmək çətinləşir. Siz necə, uzun müddətə qalacaqsınız, yoxsa...?
- Füzulidən olduğum üçün bu, mənim üçün ayrıca məna ifadə edir. Son imkanlarımızdan istifadə edib, şəhərin adına layiq komanda idarə edəcəyik. "Füzuli"nin ziyalıları ilə birləşib bu işi sonuna qədər uğurla görəcəyik.
Nahid Məmmədov