Mövsümə fırtına kimi başlayan "Zirə" Misli Premyer Liqasının ilk 4 turunu maksimum nəticə ilə başa vurub. Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "qartallar"ın uğurlu çıxışı təbii ki, Rəşad Sadıqovun məşqçi işi, gücləndirilmiş heyətlə əlaqələndirilməlidir. Bu yay "Qəbələ"ni "Zirə"yə dəyişən Məqsəd İsayevlə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.
29 yaşlı müdafiəçinin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Ötən mövsümü "Qəbələ"də oynasanız da, avrokubokda iştirak edən komandanı tərk edib Zirəyə keçdiniz. Bunun səbəbini öyrənə bilərik?
- Bildiyiniz kimi, ötən mövsüm "Qəbələ" ilə müqaviləm bitdi. "Zirə"dən gələn təklifi qəbul etdim. "Zirə"ni seçməyimə səbəb bu klubun iddialı olması ilə bağlıdır.
- Startda "4-də 4" etmək sənin üçün süpriz olmadı ki?
- İlk dörd turdakı qalibiyyətləri süpiriz adlandırmazdım, çünki yaxşı hazırlıq keçmişdik. Bilirdik ki, bu il daha çətin olacaq və iddialı olduğumuzu göstərmək istəyirdik. İnanıram ki, daha yaxşı nəticələr olacaq. Bununla kifayətlənmək olmaz, daha da artığını etməliyik.
- Komandanızın bu cür güclü təsir bağışlamasının səbəbini nədə görürsən? Məşqçi amilini, yoxsa yeni mövqelərə transferlərin olunmasını önə çəkmək istərdin?
- Bu, həm yeni transferlər, həm də komanda biriliyinin nəticəsidir. Eyni zamanda, məşqçilər heyətinin bu il daha da iddalı olduğunu deyərdim. Hamının fikri komandanı yaxşı hazırlaşdırıb meydanda sərfəli nəticəyə görə mübarizə aparmaqdır. Düşünürəm ki, hələki bizdə yaxşı alınır, daha da yaxşı olması üçün çox çalışmaq lazımdı.
- Bu il komandanın qarşıda qoyduğu məqsədlər nədən ibarətdir? Sadəcə avrokuboklara vəsiqə qazandıracaq yerlərdən birini tutmaq, yoxsa titul əldə etmək?
- Hədəfimiz avrokuboklara vəsiqə qazanmaq və ilk üçlükdə olmaqdır. İstəyimizə çatmaq üçün çox çalışırıq.
- Sabiq klubunuz "Qəbələ" hazırkı komandanızdan fərqli olaraq, 4 oyunun hamısında məğlub olub. Bu barədə nə deyə bilərsən?
- Düşünürəm ki, "Qəbələ" toparlanacaq. Hər komandada belə məqamlar olur. "Qəbələ"yə uğurlar arzu edirəm.
Nahid Məmmədov