Bu gün futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikanı qəbul edəcək. Təmsilçimizin F qrupunun favoritinə qarşı oyununda stadionun diktoru "CBC Sport"un şərhçisi Pərviz Musayev olacaq.
Musayevlə əlaqə saxlayıb "qırmızı şeytanlar"la matçdan nə gözlədiyini soruşduq. Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məlum məsələdir ki, Belçika favoritdir. Prinsip baxmından Belçikanın qələbə qazanması sürpiriz olmayacaq. Bu nəticə gözlənilən bir şeydir. Ən azı yığma komandaya uğurlar arzu edirəm, bu, öz yerində. Mümkünsüz bir şey yoxdur. Ehtimal var ki, milli komandamız Belçikadan xal alsın. Amma məlum məsələdir ki, xeyli əziyyət çəkmək lazım gələcək. Bir jurnalist olaraq təbii ki, millimizin ən azı bir xal götürməsini arzulayıram. Stadion diktoru kimi bunu çox istəyirəm. Ən azı futbolçularımız qol vursunlar və tamaşaçıları coşdurmaq mənasında mənim də bir görəcəyim iş olsun. Çox arzu edirəm ki, bu istəyim həyata keçsin. Söylədiyim kimi, mümkünsüz heç nə yoxdur. Sadəcə, dediyim kimi, əziyyət çəkməlidirlər".