Birinci Liqanın ilk turunda "Mingəçevir"i qəbul edən "Karvan" 4:1 hesablı qələbə qazanıb. "Ağ-qaralar" növbəti turda "İrəvan" ının qonağı olacaq. Yevlaxlıların baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb qarşıdakı görüş barədə fikirlərini öyrəndik və komandanın hədəfləri ilə maraqlandıq.
Kərimiovun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Digər oyunlara necə hazırlaşırıqsa, "İrəvan"la oyuna da eyni qaydada hazırlaşırıq. İki-üç zədəli oyunçularımız var və hazırda bu məqam bizi narahat edir. Bütün rəqiblərə eyni gözlə baxırıq. Çalışacağıq ki, onlara qarşı da yaxşı mübarizə aparaq.
Çempionluq? Qarşımıza belə hədəf qoyulmayıb. Bizə yüksək yerlərdə qərarlaşmaq tapşırılıb. Çalışacağıq ki, imkan daxilində bunun öhdəsindən gələk. Əsas rəqiblərimizin adlarını açıqlamağım düzgün alınmaz. Onu bilirəm ki, bu mövsüm liqada tam fərqli, daha maraqlı mübarizə gedəcək. Çempionatda zəif komanda yoxdur. Hamısı vuruşur, mübarizə aparır. Biz də özümüzü yaxşı tərəfdən göstərməyi hədəfləmişik. Bizim də arzumuzdur ki, gələcəkdə komandamız Premyer Liqada iştirak etsin".
Nahid Məmmədov