"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov cari mövsüm Birinci Liqanın səviyyəsinin yaxşılaşdırılmasına və İkinci Liqanın formalaşdırılmasına münasibət bildirib.
Kərimov Fanat.Az-a açıqlamasında belə danışıb:
"Birinci və İkinci Liqanın olması yaxşı haldır. Hələ bir qədər gecikdiyimizi düşünürəm. Bəzi regionlarımızda aşağı liqaların matçlarındakı azarkeş sayı Premyer Liqanın oyunlarına gələn tamaşaçıların sayından çoxdur. Bu, yaxşı tərəfdir. Açıq-aşkar görünür ki, maraq var. Tənqidi yanaşmalı olsaq, bu qədər komandanın infrastrukturu, yəni stadionu yoxdur. Yəni Birinci Liqanın səviyyəsi qaldırılandan, İkinci Liqa formalaşdırılandan bəri aşağı yaş qrupları üzrə komandalarımızın və qadın komandalarımızın oyunları əməlli başlı "axsayır". Məsələn, İmişlidə və Lerikdə oynamaq problem deyil. Ancaq Bakıda məskunlaşan komandanlar üçün stadion çatışmazlığı müəyyən çətinliklər yaradır".
Nahid Məmmədov