Mİsli Premyer Liqasının IX turu çərçivəsində "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Bu gün keçiriləcək oyun ərəfəsində futbol mütəxəssisi Səbuhi Səfiyarlı ilə əlaqə saxlayıb tərəflərin şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Neftçi" üçün çox vacib oyundur. Doğrudur, Bakı təmsilçisi "Turan Tovuz" üzərində qələbə qazansa da ondan əvvəlki oyunlarda qeyri - qənaətbəxş nəticələr əldə etmişdi. Bunun nəticəsində turnir cədvəlində vəziyyəti ürəkaçan deyildi. "Qarabağ" la oyun həm mövqeyini yaxşılaşdırmaq, həm də çempionatdan qopmadığını göstərmək üçün xüsusi əhəmiyyət kəsb edir. Amma Ağdam klubu avrokubok və çempionat oyunlarında əsas heyəti ilə çıxış edərkən necə güc sərgilədiyini göstərib. "Qarabağ" Avropa Liqasının ikinci turundakı heyətlə "Neftçi" yə qarşı mübarizə aparsa, böyük üstünlüyə sahib olacaq. Sadəcə, ardıcıl rəsmi oyunlardan sonra rotasiya gözlənilir. "Hekken"lə oyunda hücumameyilli futbolçuların 70-ci dəqiqədən əvəzlənməsi bu oyun üçün hesablanmışdı. "Neftçi" hələ də öz oyununu tapmayıb. Klubun yeni transferləri hələ özlərini göstərməyi bacarmayıblar. Buna görə "ağ-qaralar"ın müəyyən çətinlikləri ola bilər. Öz meydanında oyunaması və motivasiya amili "Neftçi" nin oyununa öz təsirini göstərə bilər. Sadəcə, oyun planında "Qarabağ " daha üstün görünür".
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" qarşılaşması "Neftçi Arena"da keçiriləcək. Qarşılaşma 19:30-da başlayacaq.
Nahid Məmmədov