Birinci Liqanın dördüncü turunda MOİK "Şamaxı"nı qəbul etdi və tərəflər məhsuldar bərabərliyə razılaşdılar - 3:3. "Hərbiçilər" in baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb həm keçirdikləri son iki oyun, həm də növbəti turda baş tutacaq "Karvan"la səfər qarşılaşması barədə fikirlərini öyrəndik.
Abbasovun Fanat.Az açıqlaması belə oldu:
"Şamaxı" ilə oyunun ağır keçəcəyini bilirdik. Rəqib komandanı tanıyırdıq. Qırmızı vərəqələr gözlənilməz oldu. Çünki elə epizodlar olurdu ki, bizim oyunçuya sarı vərəqə verirdilər, lakin rəqib oyunçuya heç bir rəsmi xəbərdarlıq edilmirdi. Həmin sarı vərəqələr də sonda qırmızı vərəqəyə gətirib çıxardı. Rəqibin qırmızı vərəqəsi isə aşkar qayda pozuntusu idi. Bizə verilən qırmızıdan sonra oyuçular təşvişə düşdü. Amma maraqlı oyun oldu. Bundan öncəki turda "Zaqatala" ilə oyunda da qırmızı vərəqə oldu. Bu halların qərəzli olduğunu düşünmürəm. Sadəcə, "Zaqatala" ilə oyunda da biz ikinci sarıdan qırmızı aldıq. Hakimlər ən azı ikinci sarı vərəqəni nəyə görə verdiklərinə baxmalıdırlar. Adi epizodlarda bizə "qırmızı" verilir. Hakimlər ən azı sarı vərəqəsi olan oyunçuya şifahi xəbardarlıqla güzəşt etməlidirlər. Təəssüf ki, kitaba əsaslanıb "sarı", sonra "qırmızı" verirlər, oyunun ruhunu qorumurlar.
"Karvan"la oyuna gəlincə, bütün oyunlara qələbə üçün çıxırıq. Fərqi yoxdur, "Karvan" olsun və ya aşağı pillədə yer alan komanda, biz yalnız qələbəyə köklənmişik.Vəziyyəti bilirik. "Karvan" bizə qarşı 12 oyunçu ilə oynayacaq. Azarkeş dəstəyi həll edici məqamdır".
Nahid Məmmədov