Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" son çempion "Qarabağ"ı qəbul etdi. Turun mərkəzi qarşılaşması Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.
Kərimovun Fanat.Az açıqlaması belə oldu :
"Oyunun hər iki klub üçün vacib idi. "Qarabağ" əsas heyətindən bəzi futbolçuları oyunun əvvəlindən meydana buraxmaq imkanı yox idi. Bu amil "Neftçi"nin qələbəsinə kömək edə bilərdi. "Neftçi" ilk dəqiqələrdən qonaq komandaya pressinq etmək istədi. Amma düşünürəm ki, pressinq, ümumiyyətlə, baş tutmadı.Yəqin ki, "Qarabağ"ın futbolçularını doğru şəkildə "bağlaya" bilmədilər. Çünki "Qarabağ" ın cinah oyunçuları ortaya yönəlir, "Neftçi"nin cinah oyunçuları isə məcburi şəkildə rəqib komandanın müdafiəçilərinə yaxınlaşmalı olurdular. Belədə, Ağdam klubunun yarımmüdafiəçiləri rəqibin cinahlarında yaranan boşluqlara "açılırdılar". "Qarabağ"ın "qanadlar"da mövqe tutan futbolçuları "Neftçi" nin oyunçularını çaş-baş qoymuşdular. Meydanın "Qarabağ"a aid hissəsində "Neftçi"i passiv oyunla diqqət çəkirdi. Yeqor Boqomolskinin arxaya gəlib top alması ciddi təhlükə yaratmırdı. Birinci hissədə meydan sahibi qol imkanı yarada bilmədi. Əksinə, "Qarabağ"ın qol imkanı oldu. Sadəcə, Nərimanın təcrübəsizliyindən top ya qapıçının üzərinə vurulurdu, ya da hədəfə getmirdi. İlk hissədə "Neftçi" dörd müdafiəçi ilə mübarizə aparmağa, yəni 4-2-3-1 oynamağa çalışdı. İkinci hissədə isə Adrian Mutu Koffi, Valdez və Olanareni meydana buraxaraq taktiki düzülüşü dəyişdi. "Neftçi"nin baş məşqçisi cinahlarda rəqibin ciddi üstünlük qazandığını görüb üç mərkəz müdafiəçisinə keçdi. Buna rəğmən, "Qarabağ "ın oyunçuları qol vura bildilər. Deməzdim ki, "Qarabağ" çox yaxşı oynadı. Klubun Avropa Liqasındakı oyununu ilə bu matçdakı çıxışını müqayisə etmək olar. Sadəcə, bu qarşılaşmada "Neftçi" zəif idi. Belə maddi dəstəyə malik komandanın hücumda effektli olması təmin edilməli, klub rəhbərliyi bu barədə düşünməlidir.
Keyfiyyət baxımından müqayisə etsək, 4-5 oyunçu istisna olmaqla "Qarabağ"ın qalan aparıcı futbolçuları çempionatda oyuna sonradan daxil olurlar. "Neftçi"nin xərc çəkib heyətə qatdığı futbolçular bu oyunçulara qarşı heç nə edə bilmirdilər. Qol buraxdıqdan sonra hücumda yenə "dişsiz" göründülər. 90 dəqiqədə Boqomolskinin cinahdan keçib verdiyi ötürmədən başqa heç bir qol imkanı yarada bilmədilər. "Neftçi"nin buraxdığı ikinci qola baxsaq, inanılmaz dərəcədə böyük səhvə yol verdilər. Bakı təmsilçisinin meydana ikinci hissədə çıxan oyunçuları çox zəif təsir bağışladılar. Məni təcrübləndirən məqam Qara Qarayevin Eddi İsrafilovla əvəzlənməsi idi. Məsələn, Valdez oyuna sonradan daxil oldu. Paraqvaylı sürət baxımından ümidləri doğrultmadı. Melanonun da sürəti yox idi. "Neftçi" bütün parametrlərdə məğlub oldu. Oyunda ən parlaq siması mənim üçün Andrey Lunyov idi. Qapıçının soyuqqanlı oyunu "Qarabağ"a böyük fayda verdi".
Nahid Məmmədov