2023/2024 mövsümündə Birinci Liqada mübarizə aparan "Araz Saatlı" ilk dörd turda acınacaqlı məğlubiyyətlərlə üzləşdi. "Pambıqçılar"ın rəhbərliyi vəziyyətdən çıxış yolunu komandanın çalışdırıcısı Şəhriyar Məmmədovla vidalaşmaqda gördü. Boş qalan baş məşqçi postu isə Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyevə tapşırıldı. Quliyevlə əlaqə saxlayıb təyinatı və "Araz Saatlı"nı "qara zolaq"dan necə çıxaracağı ilə bağlı fikirlərini öyrəndik.
Klubun baş məşqçisinin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- "Araz Saatlı"ya keçidiniz necə baş tutdu?
- Klub rəsmiləri təklif irəli sürdülər, biz də dəyərləndirib razılaşdıq. Kimsə bu komanda ilə də işləməlidir. Belə qərara gəldilər ki, onlarla biz əməkdaşlıq edək. Hər şey qaydasındadır. Allah qoysa, komandanı bu vəziyyətdən çıxaracayıq.
- Komanda çıxdığı bütün oyunlarda uduzub. Nəyi və necə dəyişəcəksiniz?
- Məğlubiyyətlər və qalibiyyətlər futbolun bir hissəsidir. İndi hələ ki, gec deyil. Dörd tur keçib və qarşıda 23 tur var. Biz öz işimizlə və istəyimizlə birlikdə çalışacağıq.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Mənim konkret məqsədim budur ki, Saatlı futbolunu bərpa edib inkişafa doğru addım ataq. Komandasının son pillələrdə olmasını heç kim istəməz. Bizi kluba cəlb ediblər ki, vuruşub komandanı xilas edək
- Heyətdə dəyişiklik olacaqmı? Bildiyimizə görə, düşərgədə bir neçə əcnəbi futbolçu baxışdadır. Onlarla bağlı nə qərar verəcəksiniz?
- Hazırda heyətlə bağlı dəyişiklik etməyi planlaşdırırıq. Komandamız nə qədər güclü olsa, işləmək və nəticə qazanmaq daha rahat olar. Komandaya yalnız azad agent statusu daşıyan oyunçuları cəlb edə bilirik. Azad futbolçu da indi çətin tapılır. Qış transfer pəncərəsini gözləməliyik. İndi bizdə 6 nəfər baxışdadır. Onların da öz xərcləri var. Klubun büdcəsinə uyğun gələ və ya gəlməyə bilərlər. Nigeriyadan, Türkiyədən və Gürcüstandan olan gənclər baxışdadır.
Nahid Məmmədov