AÇ-2024-ün seçmə məhələsi çərçivəsində səfərdə Estoniyanı üstələyən (2:0) Azərbaycan millisi tsiklin növbəti matçını Bakıda Avstriya yığmasına qarşı keçirdi və 0:1 hesabı ilə uduzdu. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyuna az sayda azarkeş gəlməsi idman ictimayyətinin diqqətindən kənarda qala bilməzdi. Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb futbolsevərlərin millinin ev oyunlarına biganəliyi barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əlbəttə, istəyərdik ki, stadionlara daha çox sayda azarkeş gəlsin. Milli komanda klub deyil. Nəticəsindən asılı olmayaraq, gərək hamılıqla milli komandamıza dəstək olaq. Açığı, Avstriya seçməsi ilə "Tofiq Bəhramov"dakı matça çox sayda azarkeş gələcəyini düşünürdüm. Bu stadionda futbolçular daha motivasiyalı olur. Həmin oyunda daha çox dəstək gözləyirdim. Eyni zamanda yığmamızın rəqibindən də çox şey asılıdır. Bizim azarkeşlər rəqibə qiymət verərək stadiona getmək barədə seçim edirlər. Həmin gün millimiz İngitərə, Portuqaliya və Almaniya kimi rəqiblərə qarşı oynasaydı, stadionun tribunaları dolardı. Digər tərəfdən, ümumi nəticələr yaxşı olmayanda da azarkeşlər narazı qalırlar".
Nahid Məmmədov