Misli Premyer Liqasının 13-cü turunda "Sumqayıt" səfərdə "Neftçi" ilə qarşılaşdı. Görüş "kimyaçılar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. "Sumqayıt"ın ötən mövsüm sıralarına cəlb etdiyi yaponiyalı yarımmüdafiəçi Murata Masaki ilə əlaqə saxlayıb həmin oyun ilə bağlı fikirlərini öyrəndik.
"71 nömrə"nin Fanat.Az-a müsahibsini təqdim edirik.
- Səncə, hansı meyarlara görə "Neftçi"ni üstələyə bildiniz?
- Biz hər cəhətdən daha yaxşı idik. Rəqibi taktika, mentalitet və komanda şəklində mübarizə baxımından üstələdik.
- "Neftçi" üzərində qazanılmış qələbə fərqli duyğulara meydan verir?
- Əlbəttə, “Nefçi”yə qalib gəlməyimiz çox gözəldir. Amma bunu çətin vəziyyətdə, optimal olmayan heyətlə bacardığımız üçün daha da şadam.
- "Neftçi"ni yendiyiniz üçün mükafat aldınız?
- Bunu bilmirəm, ancaq böyük mükafata layiq oyun sərgilədik.
- Bir futbolçu kimi “Neftçi” klubunun oyun öncəsi paylaşdığı videoya münasibətin necədir? Səncə, sonda işığı kim söndürdü? Bu video baş məşqçi Samir Abasovun dediyi kimi sizi qələbəyə ruhlandırdı?
- Düşünürəm ki, oyundan əvvəl ab-hava əla idi və hamı qalib gəlməyə hazır idi. Fikrimcə, “Nefti”nin oyunçusu olsaydım belə, bu cür videoların çox bezdirici olduğunu düşünərdim. Həmin videonu yayan insanlar, bu ideya ilə çıxış edənlər meydanda məsuliyyət daşıya bilməzlər.
Nahid Məmədov