AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən keçirilən matçda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzan İsveç yığmasının qapıçısı Robin Ulsen Bakıdakı oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Expressen" onun dediklərini belə çatdırıb:
"Ağır məğlubiyyət aldıq. Oyundan sonra əsəbiləşdim və paltardəyişmə otağında artıq sözlər işlətdim. Amma baş verənlər orada da qalmalıdır. Belə məğlubiyyətə görə utanmalıyıq və utanıram. Nəticə barədə danışmaq çox çətindir. Baş məşqçimiz Yanne Anderssona iki qələbə qazandırmalıydıq. Azərbaycanla oyundan əvvəl bu barədə danışdım, amma nəticə belə oldu.
Aldığımız tənqidə layiqik. Matçdan sonra üzrxahlıq olaraq azarkeşlərə formanı verdim. Başqa nə etmək olardı? Onlar bura belə kabus görmək üçün gəlməmişdilər. Bu, mənim azarkeşlərimizə qarşı edə biləcəyim ən az şey idi".
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə yüksəldən Azərbaycan F qrupunda 4-cü pillədə qalıb. İsveç isə eyni xalla 3-cü sıradadır.