Milli komandaların oyunlarına görə Premyer Liqada yaranan təxminən iki həftəlik fasilə sabah başa çatacaq.
Fanat.Az xəbər verir ki, 6 komandanın eyni sayda üzvü üçün "istirahət" uzun çəkəcək.
Belə ki, Misli Premyer Liqasının 14-cü turunda cəzalılar var. Turu buraxacaq 6 nəfərdən 3-ü rəsmi, 3-ü isə futbolçudur. "Sumqayıt"ın baş məşqçisi Samir Abasov üç tur texniki zonada olmayacaq. O, 17-ci turdan etibarən ehtiyat oyunçular skamyasında əyləşə biləcək. Bundan başqa, "Kəpəz"in məşqçisi İlkin Verdiyevlə "Neftçi"də Adrian Mutunun köməkçisi Alin-Nikole Çita cəzalı duruma düşüblər.
Futbolçulara gəlincə, "Səbail" Adi Mehremiçin, "Qəbələ" isə Zurab Oçiqavanın xidmətindən məhrumdur. Hər iki legioner bu mövsüm sarı vərəqələrin çoxluğu səbəbindən turu buraxmaq məcburiyyətində qalıb. "Zirə"nin ukraynalı hücumçusu Vladislav Kulaç isə Premyer Liqanın 12-ci turunun “Sabah”la matçda təcavüzkar davranışa yol verdiyinə görə İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanıb.
Mirağa