Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Çjetsyan” – “Buriram Yunayted” matçından sonra futbolçular arasında kütləvi dava düşüb.
Fanat.Az xəbər verir ki, kütləvi davada Tailandın “Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də iştirak edib.
O, rəqib futbolçu ilə əlbəyaxa dava zamanı Çin klubunun üzvləri tərəfindən təklənib və döyülüb. Şeydayev sözügedən davaya “İnstagram” hesabında da reaksiya bildirib. O, davadan görüntü paylaşaraq, “Mən hələ də burdayam, sadəcə mənə məkanı göndər” sözlərini yazıb.
Bu arada milli komandamızın qapıçısı, Türkiyənin “Adana Dəmirspor” klubunda legioner həyatı yaşayan Şahruddin Məhəmmədəliyev də dava ilə bağlı zarafatından geri qalmayıb. O, “İnstagram hesabında məşhur cizgi filmindən epizod paylaşaraq sabiq komanda yoldaşı ilə zarafat edib.
Qeyd edək ki, baş verən dava ilə əlaqədar ciddi cəzaların verilməsi gözlənilir. Belə olan halda davanın əsas iştirakçılarından olan Ramilin də cəza alması istisna edilmir.