Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ağır xəsarət alaraq meydanı tərk edən “Sumqayıt”ın futbolçusu Kristian Velinovskinin ayağı sınıb.
Fanat.Az xəbər verir ki, oyun başa çatdıqdan dərhal sonra komandanın məşqçi və futbolçu heyəti xəstəxanaya gələrək yarımmüdafiəçiyə öz dəstəklərini nümayiş etdiriblər.
Qeyd edək ki, Velinovski sabah əməliyyat olunacaq. Futbolçunun yaşıl meydanlardan kənarda qalacağı müddət əməliyyatdan sonra dəqiq bilinəcək.
Yeri gəlmişkən, Velinovskinin ayağını qıran “Lerik”in futbolçusu Rahid Ağazadə meydandan qovulduğu üçün paltardəyişmə otağından birbaşa xəstəxanaya yollanıb. O, rəqib həmkarına belə ağır xəsarət yetirdiyi üçün peşmanlığını bu yolla göstərib. Bu barədə Fanat.Az-a açıqlamasında “Lerik” klubunun mətbuat katibi Əhməd Əliyev məlumat verib. Onun sözlərinə görə, Ağazadə elə Velinovskini aparan təcili yardım maşınının ardınca ora gedib və şimali makedoniyalı futbolçunun yanında olub.