"Turan Tovuz” klubu yayda yetirməsi Budaq Nəsirovu transfer etdi. Tovuz təmsilçisi 2019-cu ildən klubsuz qalmasına baxmayaraq, 27 yaşlı yarımmüdafiəçisi ilə üçillik rəsmi müqavilə bağladı. Ancaq 4 ay keçməsinə baxmayaraq, Nəsirov hələ də "Turan Tovuz"un heyətində Premyer Liqada meydana çıxmayıb.
Fanat.Az xəbər verir ki, tovuzluların baş məşqçisi
Ayxan Abbasov Budaq Nəsirovun durumuna aydınlıq gətirib.
"Budaq Nəsirov unudulmuşdu, heç kimin yadına düşmürdü. Onun Tovuz futbol məktəbinin yetirməsi olduğunu nəzərə alaraq, Budağa bu şansı verdik. Halbuki, o, 2019-cu ildən futbolu buraxmışdı. Hələ onu demirəm ki, son mövsümdə də çox az oynamışdı. Səhv etmirəmsə, Portuqaliyada son mövsümündə cəmi 2 oyuna çıxmışdı. Budağa vaxt lazımdı. Azarkeşlərin fikrini, medianın mövqeyini başa düşürəm, amma o, hazır olanda oynayacaq. Kubokda şans düşdü, meydana buraxdıq, əvəzedici heyətdə oynayır. Amma hələ də biz istədiyimiz Budaq deyil, istədiyimizi ondan ala bilmirik. Ona da çətindir. Bəlkə ona mütəmadi oynamaq daha faydalı olar. Amma necə? Bunu da götür-qoy edirik. Özündən də çox şey asılıdır. O, xarakterini dəyişməlidir.
Təəssüf ki, onu toplanışlara da apara bilmirik. Onun Türkiyəyə girişi qadağandır. Vaxtilə deport olunub. Bu səbəbdən yayda da apara bilməmişdik. Çalışırıq problemini həll edib qış toplanışına aparaq. Alınacaq ya yox, bilmirəm. Budağı Azərbaycan futbolu üçün qazanmaq istəyirik. Hətta özü istəsə və maraqlı komandalar olsa, icarəyə də göndərə bilərik".
Qeyd edək ki, futbolçu “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz” və Portuqaliyanın “Sportinq” klublarında çıxış edib. O, Azərbaycanın aşağı yaş qrupları üzrə yığmaları ilə yanaşı, əsas millinin də formasını geyinib.
Mirağa