Qış fasiləsində baş məşqçi dəyişikliyi reallaşdıran "Neftçi" çempionatda "Qarabağ"dan çox uzaq düşərək liderlikdən əlini üzsə də, ölkə kubokunda mübarizəsini davam etdirir. Turnirin yarımfinal mərhələsində "ağ -qaralar"ın rəqibi məhz Ağdam təmsilçisi olacaq.
Miodraq Bojoviçlə yeni dönəmə daxil olan "Neftçi"nin hazırkı durumu barədə tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məncə, "Neftçi"də müsbət dəyişikliklər var. Amma oyun fəlsəfəsinə görə deyil. Sadəcə, kluba yeni sima gəlib deyə, oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Belə istək olduğuna görə, bir çox şey müsbət görünür. Qış fasiləsindən sonra da demişdim ki, "Qarabağ"a çatan komanda yoxdur. Mövsümün əvvəlində "Neftçi" ilə "Sabah" potensialına və maddi gücünə görə "Qarabağ"a rəqib sayılırdısa, artıq elə deyil. Kubok oyununda isə "Neftçi" nəsə edə bilər.
Düşünmürəm ki, hazırda "Neftçi"də durum fiaskodur. Bundan da pis dönəm olub. Mənim üçün fiasko anlayışı yoxdur. Uğura gedən yolda bütün nəticələr təcrübəyə gətirib çıxarır. Sadəcə, bu, "Neftçi" azarkeşləri üçün zaman itkisinə səbəb olur. Onlar hər zaman öz klublarını birinci yerdə görmək istəyirlər. Bu mövsüm çempionatda liderliyi əldən versələr də, hələ kubok oyunu qalıb. Ona görə mövsümün sonunda uğursuzluq və nailiyyət barədə nəsə demək olar".
Nahid Məmmədov