Misli Premyer Liqasının 25-ci turunun mərkəzi oyununda "Neftçi" evdə "Qarabağ"la üz-üzə gəlib. Ağdam təmsilçisinin 4:1 hesablı inamlı qələbəsinin ardından "köhlən atlar"ın müdafiəçisi Elvin Cəfərquliyevlə söhbətləşdik.
Onun Fanat.Az-a müsahibəsi belə alındı:
- Oyunla bağlı təsuratlarınız necədir?
-Çox maraqlı oyun alındı. "Neftçi " ilə oyunlarımız həmişə belə maraqlı olub. Sürətli oyun və taktiki mübarizə - bir sözlə hər şey var idi.
- "Neftçi" ilə kubokda da görüşəcəksiniz.
- Əlbəttə, sıx qrafik bizi gözləyir. Amma biz alışmışıq. Daha öncədən belə sınaqlardan keçmişik. İşimiz budur və öyrəşmişik.
- "Bayer"lə oyundan nə gözləyirsiniz?
- Faiz etibarilə, kağız üzərində ola bilsin onlar üstün olsunlar, amma biz bununla barışmayacağıq. Öz oyunumuzu oynayacağıq. Bura qədər gəlmişik, niyə mərhələ keçməyək?
- Türkiyə mətbuatında adın qardaş ölkə klubları ilə hallanır. Bu xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
- Rəsmi bir şey yoxdur. Mənim özüm də sosial şəbəkələrdən görmüşəm. Rəsmi olsaydı, bunu menecerim mənə deyərdi.
Qeyd edək ki, Elvin Cəfərquliyev "Neftçi" ilə matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Nahid Ustaclı