"Bu oyunla bağlı iki pozitiv məqamı qeyd edə bilərəm. Əvvəla, qalib gəlmişik, sevinirik. İkinci məqam isə gənc oyunçulara şans verməyimiz və onların bu etimadı doğrultmasıdır. Matçın adamı da gənc Eşqin Əhmədov idi".
Fanat.Az xəbər verir ki, bunu Misli Premyer Liqasının 34-cü turunda "Sabah"a qalib gələn (2:0) "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Ənənəvi mətbuat konfransına qatılan 56 yaşlı çalışdırıcı görüşü belə şərh edib:
"Oyunun sonluğuna doğru daha bir neçə yaxşı qol fürsətimiz oldu. Ümumiyyətlə, rəqib azlıqda qalandan sonra təşəbbüs tamamilə tərəfimizdə idi.
Burda olduğumuz müddətdə gənc oyunçuları əsas komandaya qoşmağa çalışırıq. Bizə qədər yalnız Şahin Şahniyarov əsas komanda ilə məşq etmək imkanı əldə edirdi. Bu gün müdafiənin mərkəzində yer alan İbrahim Ramazanovun oyununu da qeyd etmək istərdim.
Ardıcıl iki oyundur qələbə qazanırıq. Bunda artıq üzərimizdə təzyiqin olmamasının rolu da ola bilər. Amma bizim çox oyunlarda bəxtimiz gətirməyib. "Sabah", "Neftçi" və "Səbail"lə görüşlərimizin statistikasına baxmaq kifayətdir".