Bu gün AFFA İcraiyyə Komitəsi Premyer Liqanın növbəti mövsümü üçün komanda sayının artırılmasını müzakirə edəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, istənilən halda, Şamaxı yenidən elitada təmsil olunacaq.
Düzdür, reqlamentə görə Premyer Liqaya Birinci Liqadan 1 komanda yüksəlməlidir. Bu baxımdan 26-cı turda baş tutacaq liderlərin görüşündə - "Qaradağ Lökbatan"la "Şamaxı"nın duelində bir çox suallara aydınlıq gələ bilər. Lökbatanlılar 53 xalla zirvədə qərarlaşıb, 2 xal geri qalan "Şamaxı" isə 2-ci yerdədir. Liderin hələ müəyyənləşməməsi, üstəlik lisenziya məsələsinin açıq qalmasını nəzərə alsaq, xəbərin sərlövhəsi doğrulmamış informasiya kimi görünə bilər.
Ancaq əldə etdiyimiz məlumata görə, "Qaradağ Lökbatan" artıq lisenziya alıb. AFFA illərdir bu hədəfə can atan komandaya yaşıl işıq yandırıb. Məsələ burasındadır ki, stadion problemi ilə üzləşən Qaradağ təmsilçisi oynayacağı arena kimi məhz Şamaxını göstərib. Komanda məşqlərini Bakıda, çempionat oyunlarını isə Şamaxıda keçirməyi planlaşdırır.
Mirağa