“Qarabağ”ın qapıçısı Andrey Lunyov agenti Anton Smirnovla əməkdaşlığı dayandırıb.
Fanat.Az xəbər verir ki, rusiyalı qolkiperin 2021-ci ildə Almaniyanın "Bayer Leverkuzen" klubuna transferində iştirak edən Smirnov "RB Sport"-a açıqlamasında "Qarabağ"ın Lunyovla hazırda davam edən danışıqlarının detallarına da aydınlıq gətirib:
“Lunyovdan birgə əməkdaşlığımızın dayandırılması ilə bağlı audio mesaj almışam. Bu qərar mənim üçün təəccüblü olmadı. Hesab edirəm ki, bu addımın vaxtı çoxdan çatmışdı. Bu, Andreyin qərarıdır, narazılığım yoxdur. Üç ildən artıq əməkdaşlıq haqqında deyiləsi çox şey var. Hətta düşünürəm ki, bu haqda kitab yaza bilərəm. Bu arada, Andreyə açıq şəkildə demək istədiyim yeganə şey budur: bütün bu müddət ərzində səsli mesajdan bir az daha çox şeyə layiq idim.
"Qarabağ"la danışıqlara gəlincə, onlar bir ildən artıq müddətə müqavilə imzalamaq istəmirdilər. Əvvəlcə bu müzakirə olundu. Onlar Lunyova arxalana bilib-bilməyəcəklərini anlamaq istəyirlər. Düşündülər ki, o, ili normal keçirsə, müqaviləni uzatmaq variantı olsun. Müqavilənin maddi tərəfi isə acınacaqlı qəbul oluna bilər - illik 200 min avro. Amma sonda müzakirə olunub ki, əgər hər şey qaydasına düşsə, dekabrda şərtlərə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq".
Ötən mövsüm 32 yaşlı Andrey Lunyov “Qarabağ”ın heyətində 32 oyun keçirib və 40 qol buraxıb. Onun ağdamlılarla müqaviləsi 2024-cü ilin iyun ayına kimi qüvvədədir.
Mirağa