Ötən həftəsonu Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümü başa çatdır. "Qarabağ" yenidən çempion olub Çempionlar Liqasına vəsiqə qazandı. İkinci yeri tutan "Zirə" ölkəmizi Avropa Liqasında, sonrakı pillələrdə qərarlaşan "Sabah" ilə "Sumqayıt" isə Konfrans Liqasında təmsil edəcəklər. "Neftçi" bu bövsüm avrokuboklardan kənarda qalacaq. Bir vaxtlar avrokuboklarda qrup mərhələsi həyəcanı yaşayan "Qəbələ" isə elitanı tərk etdi.
"Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi, təcrübəli mütəxəssis Azər Bağırov Fanat.Az-a açıqlamasında mövsümü dəyərləndirib.
"Qarabağ"
"Bəribaşdan qeyd edim ki, son illərin ən gərgin çempionatına şahid olduq. İnanıram ki, gələn il bundan da maraqlı keçəcək.
"Qarabağ" çempionata yaxşı başlamamışdı. Ancaq dördüncü turdan sonra bütün itkilərini bərpa etdilər. Avropa Liqasında da öz oyunlarına davam etdilər. Bütün komandalardan üstün futbol oynadıqları göz qabağındadır. Çempionluğu həddindən artıq tez təmin etdilər".
"Zirə"
"İkinci yerdə olan "Zirə" isə əksinə, çempionata yaxşı başladı. Ancaq ikinci və üçüncü dövrənin sonlarında qeyri-stabiliyi ilə yadda qaldı. Hücum xətti kasad görünürdü. Buna baxmayaraq, Rəşad Sadıqov hücum xəttində çox dəyişiklik etmədi. Sadəcə, Rafael Utrixin gəlişi komandanın irəlidə oynamaq imkanına müsbət tövhə verdi. "Araz Naxçıvan"la matçlarını çıxmaq şərti ilə, sona 6 tur qalmış özünə yaxşı bir yol açmış oldu. Sonuncu turda da "Səbail"i yenməklə ikinci yerə sahib oldu".
"Sabah"
"Üçüncü yerə əvvəldən "Sabah"ı iddialı görürdüm. Sonuncu turda "Neftçi" üzərində qələbə də buna əyani sübut idi. Bütün sezon boyu edə bilmədiyini bu oyunda ortaya qoydu. Baxmayaraq ki, "Sabah" cari mövsüm məşqçi dəyişikliyi və qeyri-stabil oyunlarla yadda qaldı. Avropa Konfrans Liqasında uğur qazanıb-qazanmayacaqları barədə fikir bildirmək tezdir".
"Sumqayıt"
"Dördüncü yerdə olan "Sumqayıt" birinci və ikinci dövrdə yaxşı oyunla yadda qalmasa da, nəticələri var idi. Sonuncu dövrədə "Turan Tovuz"la oyundan sonra Konfrans Liqasında oynamaq istəyini bariz şəkildə ortaya qoydu. "Qarabağ"a qarşı əzimkar oyunu isə bu yolda mühüm addımdan xəbər verdi. "Qəbələ" üzərində qələbə isə mövsümboyu çəkdikləri əziyyətin qarşılığı idi".
"Neftçi" və digərləri...
"Beşinci yerin sahibi "Neftçi" cari mövsüm iki legioner məşqçi dəyişikliyi ilə yadda qaldı. Bu, böyük bir səhv addımlardan biri idi. Yenə də legioner məşqçilərin gəlməsi yeni mental düşüncə gətirmiş oldu. İnanmaq çətin idi ki, onlar bu ağırlığı qaldıra bilərlər. Düzdür, "Neftçi"nin şansı var idi. Amma ümumilikdə, bəzi futbolçular komandanın haqqını verə bilmirdilər.
Mənə elə gəlir ki, "Neftçi" üçün avrokuboklara vəsiqə qazanmamaq yaxşı oldu. Çünki böyük dəyişikliklər olacağı gözlənilir. Hətta komanda avrokuboklara vəsiqə qazansaydı, nələrin olacağı maraqlı idi. Düşünürəm ki, "Neftçi"də daha yaxşıya doğru addımlar atılacaq.
Altıncı və yeddinci yerlərin sahibi "Turan Tovuz"la "Səbail" çempionata yaxşı başlasalar da, sona doğru geri qaldılar. "Səbail"də zədə və bəzi oyunçuların passiv oyunları sonda tam fərqli nəticəyə gətirdi".
"Qəbələ"
"Sonuncu yerlərdə olan komandalar - "Araz-Naxçıvan", "Kəpəz" və "Qəbələ" isə prinsipcə, liqada qalmaq uğrunda mübarizə aparırdılar. "Qəbələ" haqda ayrıca onu deyə bilərəm ki, bəlkə bəzi şeyləri daha tez dəyişmək mümkün olsaydı, komanda çempionatda qala bilərdi. İnanıram ki, "Qəbələ" toparlanıb yenidən Premyer Liqaya vəsiqə qazanacaq. İdman prinsipləri çox önəmlidir. Bu, Azərbaycan futbolunun xeyirinə olacaq. Bəzi reallıqlarla barışmaq lazımdır. Beləliklə, hər kəs itirmək və qazanmaq nə olduğunu biləcək. Çempionatın son turuna qədər mübarizə getməlidir".
Mirağa