UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Macarıstan "Fehervar"ı ilə üz-üzə gələcək "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 46 yaşlı mütəxəssis belə danışıb:
"Öz meydanımızda oynayırıq. Ajiotaj gözləyirəm. İnanıram ki, azarkeşlər tribunaları dolduracaq. Sabah meydana ümidləri doğrultmaq üçün çıxacağıq. Baxmayaraq ki, ilk oyundur. İnanıram ki, bizi maraqlı matç gözləyir.
Mətbuat rəqibin maliyyə və heyətlə bağlı problem yaşadığını bildirir? Bu, çətin rəqibdir. Biz onların sıralarını kimin tərk etdiyinə yox, kimi gətirdiklərinə diqqət edirik. Həm də fikrimiz öz oyunumuzdadır"
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Tərəflərin cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda reallaşacaq.