Misli Premyer Liqasının 3-cü turunda öz meydanında "Səbail"i məğlub edən (2:1) "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyundan sonra təşkil edilən mətbuat konfransında qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Şahin Diniyev "Zirə" ilə matçdan sonra komandasının 3-cü turda yaxşı oyun göstərəcəyini demişdi. Doğrudan da elə oldu. Şahin müəllim təcrübəli məşqçidir. Onlar ötən turda "Neftçi"yə qarşı yaxşı mübarizə aparmışdılar. "Səbail" biz də daxil olmaqla, bir çox komandadan xal alacaq. Meydanda gərgin mübarizə getdi. Rəqib istədiklərimizi etməyə imkan vermirdi. Futbolçularımı təbrik edirəm. Sona qədər inandılar. Bərabərlik qolunu buraxdıqdan sonra reaksiya verə bildik. Belə çətin qələbələrin faydasını görəcəyik.
Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Ancaq yekunda biz qələbə qazandıq.
Yeni transferlər? Hələ hazır deyillər. Gündə iki dəfə fərdi məşq edirlər. Komandaya nə vaxt kömək edə biləcəklərini indidən demək çətindir".