Çempionat yeni başlayıb, amma elə ilk baxışdan görünür ki, bəzi klubların yay transfer pəncərəsində reallaşdırdıqları legioner seçimi keyfiyyət göstəricisinə əsaslanmayıb. İstisna deyil ki, artıq qışda, ən uzağı isə yayda indiki heyətin yarısı, hətta büsbütünü göndəriləcək, yenilər gətiriləcək. Əcnəbiləri yay-qış "vaqonla daşıyan" klubların işbaz rəsmilərini isə daha çox onların keçidindən əldə olunan pullar düşündürür. Bunun qarşısı necə alına bilər?
Bəzi liqalarda mövsüm ərzində məhdud sayda legioner transferinə icazə verilir. Uzağa getməyək, Türkiyədə bəlli sayda əcnəbi gətirmək mümkündür. Konkret, əvvəl bu rəqəm 14 idi, təzəlikcə sayı 12-yə endirdilər. Yaxın gələcəkdə bizdə də bu məhdudiyyət tətbiq edilə bilərmi? Peşəkar Futbol Liqası AFFA-nın İcraiyyə Komitəsinə belə bir təşəbbüsü ehtiva edən təklif göndərməyə hazırlaşırmı?
PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Fanat.Az-ın mövzu ilə bağlı sualını belə cavablandırıb:
"Legioner transferinə məhdudiyyət tətbiq olunması hazırda müzakirə mövzusu deyil. Artıq Premyer Liqada tətbiq olunan legioner limitində, ümumiyyətlə legioner tənzimlənməsində son 2 mövsümdür ki, müvafiq qaydalar keçərlidir. Biz klubları daha yaxşı legionerlər gətirməyə təşviq etmək üçün müəyyən addımlar atmışıq. Belə ki, ölkəsinin həm U-21, həm də əsas milli komandasında son 1 ildə rəsmi oyunlarda çıxış etmiş oyunçulara görə ödənişlər tələb olunmur. Bundan əlavə, legioner rüsumları artan qaydadada tətbiq olunur ki, bu da klublara əcnəbi oyunçu seçimində daha diqqətli olmağa çağırır. 12-ci əcnəbi oyunçudan sonra isə ya milli komandanın üzvünü gətirib rüsumdan azad olurlar, ya da bu saydan sonra trasfer olununan hər bir legioner üçün 50 min manat ödənilir. Əslində, say ilə artan legioner rüsumu klubları seçimində daha diqqətli olmağa vadar edir".
Mirağa