Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan idman tibbinin canlı əfsanəsi sayılan Boris Xetaqurov tez-tez keçmiş xatirələrini yada salır. Sosial şəbəkədə də aktiv olunan veteran bu mənada ensiklopedik yaddaşa sahibdir. Onun paylaşımları izləyiciləri, o cümlədən futbol ictimaiyyətinin üzvləri tərəfindən maraqla qarşılanır. Xetaqurovun "Futbol həkiminin qeydləri" ("Записки футбольного врача") başlığı altında yazdığı xatirələrdən ən maraqlılarını gələcəkdə də oxucularımızla bölüşəcəyik. Bu dəfə isə 84 yaşlı mütəxəssisin mərhum Anatoli Banişevski ilə bağlı yada saldığı əhvalatı diqqətinizə çatdırırıq.
"Futbol həkiminin qeydləri"
1967-ci ilin aprelində Bakıda keçirilən futbol üzrə SSRİ çempionatının təqvim oyununda "Neftçi" komandası "Ararat" (İrəvan) ilə qarşılaşırdı. Oyundan bir gün əvvəl bütün komanda gecəni SKA stadionu ilə üzbəüz olan məşq bazasında qaldı. Səhərə yaxın, təxminən saat 5-də otağımın qapısı bərk-bərk döyüldü. Qapını açdım və gördüm ki, Anatoli Banişevskidir. Qarnını tutub ağrıdan qıvrılırdı. Müayinə etdikdən sonra appendisit diaqnozu qoydum. Nə etmək olar? Hamı yatırdı. Tez təcili tibbi yardıma zəng elədim.
- Xanım, çağırışı qəbul edin.
- Nə olub axı?
- Apendisit tutmasıdır.
- Soyadı?
- Banişevski.
Təcili yardım dispetçerinə elə gəldi ki, kimsə onunla zarafat edir və dəstəyi asdı.
Yenidən zəng vurdum.
- Ay xanım, "Neftçi" futbol komandasının həkimi səninlə danışır. Soyadım Xetaqurovdur. Futbolçum Anatoli Banişevskinin kəskin apendisit xəstəliyi var. Tez maşın göndərin. Təcili xəstəxanaya yerləşdirilməlidir.
– Cavan oğlan, kobud olmağı dayandırın. Telefon nömrənizi bağlamaq üçün indi polisə zəng edərəm.
- Niyə polisə zəng edirsən? Telefon nömrəm budur: 7-40-50. Mənə geri zəng edin.
Geri zəng gəldi. Bunun zarafat olmadığına əmin oldular. Təcili yardım maşını göndərildi. Banişevskini "Semaşko" xəstəxanaya apardım.
Həmin gecə xəstəxanada növbətçi cərrah həkim Məmməd Əliyev idi. Özü keçmiş idmançı, gimnastika üzrə Azərbaycan çempionudur. Tolyanı müayinə etdikdən sonra dedi: "Təcili əməliyyat masasına!"...
Tez telefona qaçdım. “Neftçi”nin bazasına zəng etdim. Hamı hələ də yatırdı. Komandanın baş məşqçisi Əhməd Ələsgərovu oyatmalı oldum:
- Əhməd, qorxma, "Semaşko" xəstəxanasında Banişevskinin yanındayam. Tolyada appendisit var. O, indi əməliyyata girir.
- Sən nə danışırsan - Ələsgərov qışqırdı - dəli olmusan?! Hansı xəstəxana?! Necə yəni appendisit?!... Sən nə dediyinin fərqindəsən?!... Biz bu gün "Ararat" ilə oynayırıq!. Qoy oyununu oynasın, sonra da bu appendisitini əməliyyat etdirər! Gözlə, indi xəstəxanaya gəlirəm.
- Əhməd, sənə deyirəm vəziyyət çox ciddidir. Tolik artıq əməliyyat olunur.
Təxminən bir saat sonra Ələsgərov komandanın rəisi Şövkət Orduxanovla birgə xəstəxanasına gəldilər. Tolik isə əməliyyatdan sonra artıq palatada uzanırdı. Daha sonra Səhiyyə Nazirliyinin, İdman Komitəsinin rəhbərliyi gəldi... Azərbaycan Respublikası Mərkəzi Komitəsinin katibi Əli Əmirov da xəstəxanaya gəldi. Əli Cabbaroviç futbolun böyük azarkeşi idi, "Neftçi"yə hər cür kömək edirdi, ona qayğı göstərirdi. Tolik Banişevskini xüsusilə sevirdi, onunla tez-tez zarafat edərdi.
Əli Əmirov yenə zarafat etdi:
- Hə, Banya, bu gün oynayacaqsan?
- Bu gün? - Banişevski gülümsədi - Mən ancaq balalayka çala bilirəm...
Bu, Banişevskinin ən sevdiyi ifadə idi. Gənc futbolçulardan biri məşq etməyəndə, yaxşı oynamayanda Tolik əsəbləşirdi: "Futbola zülm edirsən? Yaxşısı budur ki, get, balalaykada çal!"
"Ararat"la oyun günü Anatoli Banişevskini belə əməliyyat etmişdik...
Və həmin oyunda "Neftçi" qalib gəldi - 1:0. Qolu kim vurdu? Eduard Markarov...
"Qızıl baş"ın ömür yolu
Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. O, Azərbaycanın futbol tarixində silinməz izlər qoyub. Banişevski istedadlı olmaqla yanaşı, sadiqliyi ilə də seçilib. Bakıda ukraynalı ailəsində dünyaya gələn Banişevski bütün həyatını bu şəhərə həsr edib. 16 yaşında "Neftçi"yə cəlb olunan gənc Anatoli 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.
A.Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. Bakılı oğlan qısa müddətdə məşqçilərin ümidlərini doğruldub və yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, A.Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib. 1968 və 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan həmyerlimiz son yarışda gümüş mükafata yiyələnib.
Ümumiyyətlə, A.Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. Banişevskinin məşhur "Marakana" stadionunda Braziliya yığmasının qapısına təxminən 35-40 metrdən vurduğu qolu braziliyalılar hələ də unutmayıblar və bu qol dillər əzbəri olub. SSRİ çempionatı və kuboku, o cümlədən SSRİ yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun üzvü olub.
Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu elə "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. Ardınca Burkina-Fasoda, bu ölkənin gənclərdən ibarət komandasında məşqçi vəzifəsində çalışıb. 1984-1987-ci illərdə Mingəçevirin "Avtomobil", 1988-ci ildə isə Gəncənin eyni adlı klublarını çalışdırıb. Lakin Burkina-Fasoda tutulduğu pankreatit və şəkərli diabet xəstəlikləri səbəbindən məşqçi karyerasına son qoyub.
Anatoli Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.
Ölümündən bir il əvvəl Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən "Şöhrət ordeni" ilə təltif olunub. 2 fevral 2007-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı ünvanın qarşısına xatirə lövhəsi vurulub.
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.