Millətlər Liqasının ilk turunda evdə İsveçə 1:3 hesabı ilə uduzan Azərbaycan yığması bu gün Slovakiyanın qonağı olacaq. Millimizin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb oyun barədə düşüncələrini bölüşməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İsveçlə oyunda yaratdığımız qol vəziyyətlərini nəzərə alsaq, bu matçda da mütləq fərqlənmək imkanlarımız olacaq. İsveçlə oyundakı qədər olacaq, ya yox, onu deyə bilmərəm. İsveç millisinin müdafiə xətdi çox boşluqlar vermişdi... Slovakiyanın bu yöndə necə görünəcəyi sual altındadır. İstənilən halda, ön xətt oyunçularımızın aktivliyi bu səfər qarşılaşmasında da qol epizodları yaradacağımızı proqnozlaşdırmağa əsas verir. Bunları qola çevirə biləcəyikmi, bilməyəcəyikmi, bu məqam şübhəlidir. Digər tərəfdən, biz bu rəqibə də İsveçlə matçdakı qədər qol fürsəti verə bilərik.
Slovakiya İsveçdən daha güclüdür. Həm də bizim futbolçular üçün üçgündənbir oynamaq çətin olur. Eşitdiyimə görə Bəhlul Mustafazadə zədə üzündən heyətdən çıxarılıb. Müdafiənin mərkəzində başqa oyunçu mübarizə aparacaq... Slovakiyadan xal almaq ehtimalı çətin görünür. İsveçlə matçdakından daha çətin olacaq ".
Nihat