Misli Premyer Liqasının 6-cı turunda Masazırda "Sabah"la 2:2 hesablı bərabərliyyə razılaşan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 69 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Paltardəyişmə otağında dedim ki, biz matçın hər iki hissəsinin başlanğıcında rəqibə uduzurduq. Qalan vaxtlarda xarakter göstərdik və bundan razı qaldım".
- Qələbə üçün nə çatmadı?
- Bəzi futbolçuların yanlış mövqedə olması ikinci hissədə rəqibin uğurlu əks-hücum qurması ilə nəticələndi. "Sabah" bunu yaxşı bacarır. Yenə deyirəm, oyunçularıma göstərdikləri xarakterə görə minnətdaram.
- Sayılmayan qol barədə nə deyə bilərsiniz?
- Yan xətt hakimi topun meydanı tərk etdiyini dedi. Onun bunu necə müəyyənləşdirdiyi sual olaraq qalır. Qərar verilib.
- 5 ballıq şkala ilə komandanızın oyununa neçə verərdiniz?
- Müdafiədə problemlər var... Hücumda da həmçinin. Qiymət verməyə hazır deyiləm. Müsbət və mənfi məqamlar var.
- Komandanız liderdir. Durumdan razısınız?
- Razı olduğumu deyə bilmərəm. Hər məşqdə və oyunda bütün gücümüzü qoyuruq. Mükəmməlləşmək lazımdır.
Nihat