Misli Premyer Liqasının 7-ci turunda "Səbail"i "Kapital Bank Arena"da qəbul edən "Araz-Naxçıvan" 3:2 hesablı qələbə qazandı. Cari mövsüm adından söz söz etdirən, hazırda turnir cədvəlinin 2-ci pilləsində mövqe tutan "qırmızı-ağlar"ın yarımmüdafiəçisi və kapitanı Vadim Abdullayevə bir neçə sual ünvanladıq.
"6 nömrə" Fanat.Az-a müshibəsi belə alındı:
- Son turda "Səbail"lə qarşılaşdınız. Matç barədə nə deyə bilərsən?
- Hər oyun kimi, bu matç da ağır oldu. Bu iki ildə, yanılmıramsa, ilk dəfə idi ki, komanda məğlub olduğu matçda geridönüş edə bildi. Qələbə çox önəmlidir. Komanda adına xarakter göstərdik.
- Qarşınıza rəhbərlik tərəfindən avrokuboklara vəsiqə hədəfi qoyulub...
- Komanda Avropa Liqasında çıxış etmək istəyir. Hamı bunun üçün çalışır, amma anlamaq lazımdır ki, çempionat uzundur. İndidən nəsə danışmaq tezdir. Oyundan-oyuna rəqiblərimizlə mübarizəyə köklənirik.
- Bəs bu mövsüm avrokuboklara vəsiqə qazanmaq şansınızı necə dəyərləndirirsən?
- Şanslar həmişə var. Həyatda istədiyin yerlərə çatmaq üçün hədəfin və iddian olmalıdır. Bu varsa, qalır yalnız meydanda ambisiyalarına uyğun futbol sərgiləmək. Nə qədər hazır olduğumuzu və nə qədər istəyimizi zaman göstərəcək.
- Ümumilikdə geridə qalan 7 tur ərzində komandanın oyununu necə qiymətləndirirsən?
- Hər oyun digərindən fərqlənir. Hamımız bilirik ki, bu çempionatda başqa səviyyədə olan yalnız "Qarabağ"dır. Qalan klublar aşağı-yuxarı eynidir deyə hər oyun həm prinsipialdır, həm də çətin. Mental olaraq hazır, möhkəm olan sonda qələbə qazanır. Çalışırıq ki, tapşırığın öhdəsindən gələk. Davamını gətirmək istəyirik.
Nihat