Azərbaycan millisi oktyabrın 11-də və 14-də Millətlər Liqası çərçivəsində növbəti oyunlarını keçirəcək. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərliyi altında çıxdığı ilk iki dueldə uduzan təmsilçimiz Estoniya ilə səfər, Slovakiya ilə ev oyunlarında müsbət nəticələr qazana bilərmi? Tanınmış futbol mütəxəssisi, millinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb seçmənin qarşıdakı görüşlərindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qrupda bizim üçün ən münasib rəqib elə Estoniyadır. Estonaiya aşağı-yuxarı bizimlə eyni səviyyədə olan komandadır. Oyun üslubları fərqli ola bilər, amma güc və potensial baxımından təxminən eyniyik. Onlar Slovakiyaya qarşı matçda çox sayda qol imkanları yaratmışdılar. Lakin estonlar əllərinə düşən fürsətlərdən istifadə edə bilmədilər və uduzdular. İsveç millisinə Bakıda uduzduğumuz oyunun (1:3) ilk yarısında bizim də çox sayda fərqlənmək şanslarımız olmuşdu... Slovakiya ilə səfər qarşılaşmasında isə yaxşı oynaya bilmədik. Maraqlıdır ki, Estoniya İsveçə qarşı zəif təsir bağışladı. Ümumi yanaşsaq, bizim bu rəqibdən üstünlüyümüz bəlkə texniki tərəflər ola bilər. Estoniya öz meydanında aktiv futbol nümayiş etdirməyə çalışacaq. Texniki bacarıqlarımız hesabına qol vəziyyətləri yarada bilərik. Onlara qonaq qismində qalib gəlmək mümkündür. Amma estonlarla heç-heçə etmək və uduzmaq variantları da yox deyil. Fikrimcə əsas gücümüzü birinci oyuna qoymalıyıq. Real 3 xal qazanmaq şansından maksimum faydalanmalıyıq.
Slovakiya ilə görüş haqda danışmaq bir qədər çətindir. Matça hansı heyətlə çıxacağımızı bilmirəm. Çox güman ki, Estoniyadan qayıdıb Bakıda Slovakiya il oynamaq çox çətin olacaq. Üçgündənbir matça çıxmaq oyunçularımıza pis təsir edir. Qeyd etdiyim kimi, əsas diqqətimizi Estoniya ilə oyuna yönəltməliyik. Nəyin bahasına olursa olsun, bu səfər qarşılaşmasından 3 xal götürməyi hədəfləməliyik. Çünki bir qədər də aşağı, D liqasına düşmək ehtimalımız var. Bunun baş verməməsi üçün Estoniyada qələbə qazanmalıyıq".
Nihat