“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış matçdan sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki. o, 0:1 hesabı ilə uduzduqları oyunu belə dəyərləndirib:
“Olduqca vacib oyun idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı başlamışdı. Üstün olan tərəf biz idik. Təəssüflər olsun ki, rəqibin müdafiə xəttini yara bilmədik.
Mənə məlum olmayan səbəblərdən ikinci hissəyə yaxşı başlamadıq. İkinci hissənin əvvəlini niyə passiv keçirdik? Mənə bu aydın deyil. Ötən mövsüm standart vəziyyətlərdən az qol buraxırdıq. Hər həftənin bir gününü standart vəziyyətlərə ayırırıq. Amma bu il cərimə zərbələrindən tez-tez qollar buraxırıq. Səbəbini mən də bilmirəm. Araşdıracağıq”.