"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 13-cü turunda "Kəpəz"lə oyunda qeydə alınan heç-heçəni şərh edib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis 2:2 nəticələnən görüşlə bağlı belə danışıb:
"Oyuna böyük səhvlə başladıq və qol buraxdıq. Geri düşdükdən sonra çox çətindir. Lakin qısa müddətdən sonra oyunu bərabərləşdirdik, hətta qol vurduq. İkinci hissədə də daha çox hücumda oynadıq, rəqibə nisbətən yaxşı göründük. Oyunu həll etmək üçün iki 100 faizlik qol fürsətimiz oldu, amma yararlana bilmədik. Əfsuslar olsun, qol vura bilmədik və qol buraxdıq. Futbolçuların yanaşmasına, döyüşməsinə görə nəsə deyə bilmərəm. “Zirə” ilə oyunda da son dəqiqələrdə qol buraxmışdıq. Bu, fiziki hazırlıqla bağlı deyil. Hər dəfə bu səbəbdən qol buraxmaq gülməli olardı. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Yaxşı oynayan biz, xal itirən biz. Şərh etmək çətindir. Bu gün də yaxşı oynadıq, amma xal itirən tərəf biz olduq".
Qeyd edək ki, "Sabah" son 6 oyunda qələbə qazana bilməyib.