"Kəpəz"in yolları ayırmaq istədiyi futbolçulardan biri qısa tətildən sonra Azərbaycana qayıdıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, hücumçu Lassana Ndiayedir.
Klubun gələcək planlarına daxil olmadığı malili oyunçunun özünə çatdırılsa da, o, özünə yeni iş yeri tapmamış müqavilə ilə məxsus olduğu "Kəpəz"lə vidalaşmaq niyyətində deyil. Bu səbəbdən məşqlərdə iştirak etməsinə icazə verilməyən Ndiaye gözləmə mövqeyindədir. Hazırda sözügedən futbolçunun agenti ona klub axtarmaqla məşğuldur. Görünən budur ki, oyunu ilə ümidləri doğrulda bilməyən afrikalı forvard başqa kluba keçə bilməsə, cari mövsümün sonunadək nəzərdə tutulan anlaşmasının müddəti başa çatana qədər "sarı-göylər"dən maaş almaq niyyətindədir.
Qeyd edək ki, Ndiaye cari mövsüm Misli Premyer Liqasında 13 matça çıxaraq 1 qol vurub. O, Azərbaycan Kubokunda iştirak etdiyi 2 qarşılaşmada 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat