"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri matçdan - UEFA Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində baş tutacaq qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.
Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis belə danışıb:
"Pis hazırlaşmamışıq. Qələbə qazanmaq istəyirik. Bəzi problemlərimiz var. Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir".
Təcrübəli çalışdırıcı ciddi taktiki dəyişikliklər etməyəcəklərini bildirib:
"Hücumun qurulmasında hansısa xırda dəyişiklik ola bilər. Öz sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Sabahkı matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq".
O, rəqibin prezidentinin iddialı açıqlamasına münasibət bildirib:
"Bu, normaldır. Hər klubun rəhbəri, məşqçisi, futbolçusu istənilən açıqlamanı verə bilər. Biz də qalib gəlmək niyyətindəyik. FCSB göstərdiyi oyun və məsuliyyəti ilə qazandığı nəticələri haqq edir".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.