Azərbaycan millisinin mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Haiti yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu sabahkı matçda qələbə qazanmaq istədiklərini deyib:
"Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Rəqibin oyunlarını izləmişik. Heyətlərində kifayət qədər yüksək səviyyəli futbolçular var. İnanıram ki, Haiti millisinə qalib gələ biləcəyik. Kollektivdə ab-hava yüksək səviyyədədir. Yığmaya yeni cəlb olunan futbolçular da böyük həvəslə məşqlərdə iştirak edirlər. Çalışırıq ki, yığmaya yeni dəvət alan oyunçulara öz köməyimizi göstərək".
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti görüşü saat 21:45-də başlayacaq.