Misli Premyer Liqasının 28-ci turunda öz meydanında “Sabah”la 3:3 hesablı heç-heçə edən "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi belə danışıb:
"Çox yaxşı oyun oldu. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gələ bilərdi. Amma məncə, 3:3 ədalətli nəticə idi. “Sabah”a uğurlar arzulayıram. Biz də yolumuza davam edəcəyik".
– "Sumqayıt" son 3 oyunda 8 qol vurub. Uzun sürən qol həsrətindən sonra nəyi dəyişdiniz?
– Böyük dəyişiklik yoxdur. Sadəcə, futbolçularda özünəinam yarandı və bu səbəbdən indi qol epizodlarından daha yaxşı istifadə edirik. Komandama təşəkkürümü bildirirəm. İkinci oyundur ki, xarakter göstəririk və məğlub durumdan çıxa bilirik. Futbolçularıma güvənirəm.
- Hesab 2:1 olarkən onu qorumaq üçün nə çatmadı?
- "Sabah"ın futbolçularının ustalıq səviyyəsi nəzərə alınmalıdır. Həm də millilərdən gələn oyunçularımızı da bu matça hazırlamaq asan deyildi.
‐ Mehdi Cənnətovun performansını necə dəyərləndirirsiniz?
- Bu gün bir neçə kritik epizodda komandanı qoldan xilas etdi. Bütün futbolçularıma təşəkkür edirəm. Komandanın istəyi, ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik.