"Turan Tovuz" Misli Premyer Liqasının 29-cu turunda qeydə alınan xoşagəlməz olayla bağlı bəyanat yayıb.
Fanat.Az həmin bəyanatı təqdim edir:
"Misli Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” - “Turan Tovuz” oyunundan sonra yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb.
Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.
Biz bir ailəyik. Gücümüz birliyimizdir!"
Xatırladaq ki, sözügedən qarşılaşmanın ardından autsayderlə qolsuz bərabərliyi həzm edə bilməyən qonaq azarkeşlər futbolçuların ünvanına təhqiramiz ifadələr işlədiblər. Yarımmüdafiəçi Veysəl Rzayev isə əsəblərini cilovlaya bilməyərək onu söyən fanata hücum çəkib. İnsidentin böyüməsinə stadiondakı polislər mane olub.