“Neftçi” bu gün Azərbaycan Kubokunun yarımfinal oyununun cavab matçında “Sabah”ın qonağı olub.
Fanat.Az xəbər verir ki, ilk görüşdə 1:2 hesabı ilə uduzduğu rəqiblə Masazırda heç-heçə edərək mübarizəni dayandıran "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
“Azarkeşlərimiz sağ olsunlar. İlk dəfədir ki, bu qədər azarkeş gəlmişdi. Onların dəstəyini də hiss edirdik. Qırılmış ümidlərə görə azarkeşlərimizdən üzr istəyirəm. Baxmayaraq ki, komandanı biz yığmamışıq, bizim əsərimiz deyil. Bunlara baxmayaraq, bir baş məşqçi kimi məsuliyyət mənim üstümdədir. Yenə də deyirəm, üzr istəyirəm.
Həddindən artıq üzüldüyümüz o idi ki, oyuna yaxşı köklənmişdik. Çox yaxşı epizodlarımız da oldu. Əhval-ruhiyyə, köklənmə möhtəşəm idi. Reallığı qəbul edək ki, rəqib də yaxşıdır. Əvəzetmələrdən sonra irəli atıldıq, nəticədə boşluqlar verməyə başladıq. Bu da rəqibin oyununda canlanma yaratdı. Ehtiyatda olan bütün hücumameyilli oyunçuları buraxdıq. Rəqibin dəyişiklikəri daha effektli oldu. Əfsuslar olsun ki, bizdə bu belə olmadı.
Oyunçular matçın əvvəlində etdiyi pressinqləri, sürətli oyunu axıra qədər davam etdirsəydilər, tamam başqa cür ola bilərdi. Bu da oyunçuların fiziki hazırlığı ilə bağlı olan bir şeydir. Biz də bu oyunu bu futbolçular üzərində qurmuşduq. Belə bitməsini istəmirdik. Təəssüf ki, etdiyimiz dəyişikliklər istədiyimiz effekti vermədi.
Hər bir məşqçinin oyun üslubunda ona uyğun oyunçular olur. Bundan əvvəl işlədiyim digər komandalarda da görmüsüz. Sadəcə olaraq neçə faiz futbolçu burdan gedəcək, neçəsi qalacaq… Bunları vaxtı gələndə müzakirə edəcəyik. Düşünürəm ki, növbəti mövsümdən daha yaxşı “Neftçi” olaraq gələcəyik”.
Yarımfinalın ilk oyununda 1:2 (iki oyunun nəticəsinə əsasən 2:3) hesabı ilə məğlub olan “Nefçi” mübarizəni dayandırıb.