“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 2024/25 mövsümündəki son oyununda səfərdə “Səbail” üzərində böyükhesablı qələbədən sonra reallaşıb. 4:1 hesabı ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi tarixində 5-ci dəfə rəqib meydanındakı çempionat matçında 3 top fərqi ilə üstün olub.
Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib. Komanda əvvəlki mövsümlərdə “Kəpəz”i (2017/18) 3:0, “Sabah” (2018/19), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/24) eyni – 4:1 hesabı ilə məğlub edib.
“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəlib. Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.