Son mövsümdə Misli Premyer Liqasındakı mübarizəni 33 xalla 8-ci pillədə başa vuran "Sumqayıt" komandasında ciddi islahatlar olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın indiki heyətinin 60-70 faizi yenilənəcək.
"Gənclik şəhəri" təmsilçisi artıq 4 futbolçu ilə (Vüqar Mustafayev (karyerasını bitirib), Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov) əməkdaşlığa son qoyduğunu rəsmən açıqlayıbsa, daha ikisinin də gedəcəyi dəqiqləşib. Bunlar özbək futbolçular - yarımmüdafiəçi Casurbek Caloliddinov və hücumçu Bobur Abdixolikovdur. Komandaya qışda qoşulan və 6 ay+1 illik müqaviləyə imza atan Bobur ölkəsinin millisi 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanandan sonra daha sərfəli təklif aldığı üçün Azərbaycan klubunu özü tərk etmək istəyibsə, ümidləri doğrultmayan Caloliddinovla əməkdaşlıqda "Sumqayıt" maraqlı olmayıb.
Nihat