Hazırlıqlarını Avstriyada davam etdirən "Qarabağ"ın bu ölkədəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqiblərinin adları dəqiqləşib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "köhlən atlar" iyulun 7-də Xarkov "Metalllist"i ilə üz-üzə gələcəklər.
Ukrayna təmsilçisi ilə görüşün start fiti Bakı vaxtı ilə 19:30-da səsləndiriləcək.
Ağdamlılar iyulun 11-də Niderland təmsilçisi "Tvente"yə qarşı 2 matça çıxacaqlar. Bu qarşılaşmalardan birincisi 15:00-da, ikincisi 19.15-də olacaq. 15 iyul tarixində reallaşacaq üçüncü qarşılaşmadakı rəqib isə yerli "Zalsburq"dur. "Zalsburq"la görüş 20:00-da reallaşacaq. Bütün oyunlar Kaprun stadionunda keçiriləcək.
Qeyd edək ki, Avstriya toplanışına iyulun 2-də başlayan təmsilçimiz iyulun 16-da Bakıya qayıdacaq.